“Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını XIX əsrin ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər”
Heydər Əliyev
Azərbaycan neftinin tarixi qədim dövrlərdən başlamışdır. IX-X əsrlərin ərəb tarixçiləri, coğrafiyaşünasları, səyyahları Abşerondakı iqtisadı həyatın neftlə bağlı olduğunu göstərmişlər.
XIII-XIV əsrlərdə yaşamış məşhur italyan səyyahı Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılması, XVII əsr alman diplomatı və səyyahı Adam Oleari Bakıda neft quyuları, XVII əsr türk səyyahı Evliya Çələbi neft mədənləri, neftin İrana, Türkiyəyə, Hindistana daşınması və neftin gətirdiyi gəlirlər haqqında məlumat vermişdir.
Azərbaycan neft sənayesi öz inkişafında bir neçə mərhələdən keçmişdir.
Birinci mərhələ 1847-ci ildən başlanır. Həmin ildə ilk dəfə olaraq neft mexaniki üsulla qazılmış quyulardan hasil edilib. Bu tarix həm də dünyada neftin ilk dəfə olaraq sənaye üsulu ilə çıxarılması kimi tanınır.
Neft hasilatı artdıqca onun emalı da zərurətə çevrilir.
1859-cu ildə Bakıda ilk neftayırma qurğusu tikildi. 1863-cü ildə Cavad Məlikov adlı sahibkar Bakıda ilk kerosin zavodu inşa etdirdi. 1867-ci ildə Bakıda artıq 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.
Neft sənayesinin yüksəlişi yerli sahibkarları xeyli varlandırır və bu sahibkarlar təkcə neft sənayesi deyil, iqtisadiyyatın diğər sahələrinin də inkişafına diqət göstərməyə başlayırlar.
İlk milli kadrların yetişdirilməsi, məktəblərin açılması, ixtisaslı mütəxəssislər hazırlanması məqsədilə istedadlı gənclərin xaricdə təhsilə cəlb edilməsi bu dövrlə bağlıdır.
Həmin dövrün ən tanınmış milli sahibkarlarımız bunlardır;
Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev,Seyid Mirbabayev,Ağa Musa Nağıyev.
Bu tarixdən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı haqqında məlumatlar dünyanın ən nüfuzlu mətbuat orqanlarında dərc edilməyə başlayır.
1873-cü ildə Robert Nobel İsveçdən Bakıya gəlir və burada neftlə əlaqədar olaraq iqtisadı inkişafın şahidi olur. 1876-ci ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar.
Neftin hasilatı, emalı, dəmiryolunun qurulması, yüklərin barj, tanker və gəmilər vasitəsilə daşınması, yeni arxitekturalı binaların, mehmanxanaların inşasında Nobel qardaşları mühüm rol oynayırlar. İstər yerli sahibkarların,istərsə də Nobel qardaşlarının gördüyü işlər Bakı şəhərinin panoramasını,simasını tamamilə dəyişir və şəhərə həmin dövr üşün müasir görkəm verir.Həmin dövrdə yeni neft emalı zavodlarının yaranması da bu qardaşların adı ilə bağlıdır.
Neft sənayemizin ikinci mərhələsi ölkəmizdə Sovet hakimiyyətinin qurulmasından sonra başlanır və bu mərhələ 1950-ci ildə “ Neft Daşları” yatağının istismara verilməsi ilə üçüncü mərhələyə keçir.
Lakin, dənizdə neftçıxarmanın tarixi 7 noyabr 1949-ci ildə “Neft Daşlarında” ilk quyudan neft hasil edilməsi ilə başlanır. Bu yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
Azərbaycan neftinin faşizm üzərində qələbə çalınmasında mühüm rolu olmuşdur. 1941-ci ildə Bakıda neft hasilatı 23, 6 milyon tona çatdırılır ki, bu da SSRİ-nin neft hasilatının 76%-ni təşkil etmişdir.
Azərbaycan neft sənayesində bir sıra görkəmli şəxsiyyətlər yetişmişdir. Onlar həm də yüksək ixtisaslı mütəxəssislər olmaqla, bacarıqlı təşkilatçılar olmuşdur.
Ağa Qurban Əliyev, Ağa Nemətulla, Süleyman Vəzirov, Qurban Abbasov, Süleyman Bağırov, Xoşbəxt Yusifzadə belə şəxsiyyətlərdəndir.
Respublikamızın neft və qaz sənayesinin dinamik əsasla inkişaf dövrü isə Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Neft sənayemizin dördüncü mərhələsi 1969-cu ildən başlanır. İqtisadiyyat, sənaye başda olmaqla xalq təsərrüfatının bir sıra sahələri kimi neft-qaz sənayesinin də inkişafına xüsusi diqqət göstərən Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradılır.
Yeni kran-gəmilərin,dalma qurğularının, bütövlükdə müasir neft və qaz sənayesi infrastrukturunun yaradılması, neft yataqlarının kəşf edilməsi, onların işlənilməsi, Neftayırma zavodlarında müasir qurğuların quraşdırılması, Dərin Dəniz Özülləri zavodunun inşaası və.s neft sənayesi ilə bağlı irimiqyaslı tikinti-quraşdırma işləri bu dövrdə intensiv surətdə həyata keçirildi.
Neft-qaz sənayemizin ən yüksək mərhələsi olan beşinci mərhələsi ölkəmizin müstəqillik dövrü, yeni tariximiz, Ümummilli Liderimiz Heydər Əliyevin “Yeni neft strateğiyası” ilə bağlıdır.
20 sentyabr 1994-cü ildə Bakıda “Gülüstan” sarayında 8 ölkənin 13 nəhəng və məşhur neft şirkəti ilə müqavilə bağlanıldı.Bu müqavilə tarixə “Əsrin müqaviləsi” adı ilə daxil oldu. Müqavilə şərtlərinə görə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin qatlarında yerləşən neftin birgə işlənməsi və hasil edilməsi haqqında razılıq əldə olunur.
Bu müqavilədə Azərbaycan Respublika Dövlət Neft Şirkətinin payı 20% olur.
“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Şirkəti yaradıldı və bu şirkət ARDNŞ-lə birgə işlərin icrasına başladı.
Bu müqavilənin uğurla həyata keçirilməsi nəticəsində əldə edilən gəlirlər hesabına iqtisadıyyatımız, sənayemiz yenidən quruldu və bu vaxtadək görünməmiş inkişafa nail olundu.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” üzrə işlərin həcmi xeyli genişləndirilmiş, qlobal layihələr həyata keçirilmişdir.
Bakı-Tbilisi-Ceyhan Neft kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz kəməri bu layihələrə aiddir.
Trans Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans Adriatik Boru kəmərinin ( TAP) daha çox ölkəni əhatə etməsi, tam gücü ilə işləməsi üçün işlər uğurla davam etməkdədir.
Bu kəmərlər bütovlükdə Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələridir.
Связаться с нами